Binə qəsəbəsində yeddi evdən oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
18.04.2022 [13:06]
Xəzər rayonunun Binə qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zərərçəkən Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan T.Baradov qısa zamanda saxlanılıb. Polis şöbəsində araşdırma aparılan zaman onun Binə qəsəbəsində əlavə olaraq altı evdən oğurluq etdiyi müəyyənləşdirilib. 3-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıblar.