CƏMİYYƏT


Xəzər rayonunda mütəşəkkil dəstənin üzvləri yaxalanıblar

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan, yaşadığı evdə qanunsuz odlu silah-sursat saxlayan, həmçinin hədə-qorxu ilə tələb etmə və çoxsaylı oğurluq cinayətləri törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış və 3-cü Polis şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsindəki “Südçülük sovxozu” adlanan ərazidə yaşayan şəxs - əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Anar İsmayılov və onun başçılıq etdiyi dəstənin üzvləri tutularaq istintaqa təqdim ediliblər. Dəstə başçısı Anar İsmayılovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı satış məqsədilə əldə etdiyi 1 kiloqramdan artıq heroin, F-1 əl qumbarası, “Lankaster” markalı tüfəng, “Makarov” konstruksiyalı tapança və 25 patron aşkarlanıb. Onunla birlikdə saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilən dəstə üzvləri Etibar Quliyev, Ceyhun Əhədzadə, Elvin Hacıyev, Həmid İsmayılov və Sənan Tahirovun üzərindən də müxtəlif növ narkotik maddə aşkar edilib.