CƏMİYYƏT


Diplomatik korpusun nümayəndələri Ağdamda erməni vəhşiliyinə şahid olublar

Aprelin 29-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin, o cümlədən xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin əməkdaşlarının işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Ağdam şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etmək olub. Səfər zamanı ermənilərin dini abidələrimizi təhqir etməsi, məscidlərdə heyvan saxlaması, qəbiristanlıqları dağıtması kimi faktlar qonaqların diqqətinə çatdırılıb, Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib. Eyni zamanda, qonaqlar işğaldan azad olunan torpaqlarda, o cümlədən Ağdamda aparılan geniş tikinti-quruculuq işləri barədə də məlumatlandırılıblar.