CƏMİYYƏT


Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısını alıblar

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarəyə Astara rayonunda dəniz kənarı yerlərdən birində naməlum şəxsin külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib. Su polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən şəxs bağlamaları götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb. Polis idarəsində araşdırma aparılan zaman həmin şəxsin əvvəllər məhkum olunmuş Elçin Bəşirov olduğu müəyyənləşdirilib. Onun əlindəki çantaya baxış keçirilərkən 5 ədəd bağlamada qablaşdırılan yüksək təsiredici xassəyə malik ümumi çəkisi 8 kiloqram 345 qram olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Elçin Bəşirov ifadəsində narkotik maddələri xarici ölkələrdən birində yaşayan və sosial şəbəkələrdə tanış olduğu şəxsdən satmaq məqsədi ilə əldə etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır