CƏMİYYƏT


FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Bakı şəhərinin Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidməti heyəti yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin təlim məşqini uğurla icra edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əsas məqsədi Liman ərazisində baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı mübarizə bacarığını və işçilərin təhlükəsizliyinin təminini yüksəltmək olan təlim çərçivəsində şərti olaraq biri qapalı, digəri isə açıq sahədə olmaqla iki süni yanğın ocağı formalaşdırılıb. Sonra həyəcan siqnalı işə düşüb və qısa zamanda Limanda yanğın baş verən ərazi üzrə mövcud olan könüllü yanğından mühafizə dəstəsi alova ilkin müdaxiləyə başlayıb. Eyni zamanda, ərazidə olan bütün şəxslər toplama məntəqəsinə yönləndirilib və müvafiq şərait qiymətləndirilərək FHN-in 112 - qaynar telefon xəttinə məlumat verilib. Limanın mühafizə xidməti tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilməklə yanaşı, əraziyə cəlb edilən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin operativ nəqliyyat vasitələri və canlı qüvvəsinə yol göstərəcək bayraqdarlar işlərinə başlayıb.