CƏMİYYƏT


Azərbaycan polisinin xidməti dövlətə və xalqa sədaqətin nümunəsidir

Azərbaycan Polisinin yaranmasının 104-cü ildönümü münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.
İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.