CƏMİYYƏT


Nizami rayonunda narkotiklərin satışı ilə məşğul olan və tiryəkxana təşkil edən 9 nəfər saxlanılıb

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfərdən ibarət dəstə saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain, heroin, marixuana, tiryək, ekstazi və metadon həbləri, eləcə də metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirdiklərini bildiriblər.
Həyata keçirilən digər əməliyyat zamanı Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən mənzillərdən birində tiryəkxana təşkil edən daha 3 nəfər tutulub.