CƏMİYYƏT
Suraxanı rayonunda son 1 ayda keçirilən əməliyyatlar zamanı 115 nəfər saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, dələduzluq cinayətləri edən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 115 nəfər saxlanılıb. Həmin şəxslərdən 75-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 40-ı barəsində məhkəmə tərəfindən həbs, 35-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 24 kiloqram narkotik vasitə, psixotrop maddə və 500 ədəd kultivasiya edilən çətənə kolu aşkar edilib. Narkotiklə bağlı saxlanılardan 11-i Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar.