CƏMİYYƏT


Şəhid dəmiryolçuların xatirəsi ehtiramla anılıb

Cəsur döyüşçü Asif Qocayev Şuşa ətrafında döyüşlərdə yaralı yoldaşlarını təxliyə edərkən şəhid olub.“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Zəfərə gedən yolda cəsarətlə vuruşaraq xalqımıza qələbə sevincini yaşadanlar sırasında cəsur dəmiryolçularımız da var. Dəmiryolçularımızdan dördü - Aqil Bağırov, İlqar Vəliyev, Vüqar Məmmədov və Asif Qocayev isə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. 44 günlük döyüş yolu keçmiş, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş dəmiryolçu Asif Qocayev Şuşa ətrafında gedən döyüşlər zamanı digər yaralı yoldaşlarını təxliyə edərkən şəhid olub. “Azərbaycan Dəmir Yolları” QSC şəhid A.Qocayevin ailəsi ilə görüşüb.