CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “8-ci kilometr Ticarət Mərkəzi”ndə ciddi pozuntular aşkarlayıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nizami rayonunun C.Naxcıvanski küçəsi, 38 ünvanındakı “8-ci kilometr Ticarət Mərkəzi”ndə 2022-ci il aprelin 4-də keçirilmiş planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanlara yol verdiyinə görə ticarət mərkəzinin cavabdeh məsul şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək nöqsanların aradan qaldırılması üçün əlavə vaxt verilib. Bununla belə, 2022-ci il oktyabrın 14-də Xidmət tərəfindən yüksək risk qrupuna aid olan sözügedən obyektdə keçirilmiş təkrar yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların aradan qaldırılmadığı müəyyənləşdirilib.