CƏMİYYƏT


Təqaüdçülərin pensiya kartlarındakı pul vəsaitlərini ələ keçirən şəxs saxlanılıb

Paytaxtın Binəqədi rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan pulu ələ keçirib. Kart sahibi rayon polis idarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra o, bankomatdan çıxan pulu götürərək hadisə yerindən yayınıb. Eyni məzmunlu şikayətlə Binəqədi rayon sakini olan daha üç nəfər polisə müraciət edib. Onlar da kartlarından müxtəlif məbləğlərdə pulların qeyd edilən üsulla ələ keçirildiyini bildiriblər.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fizuli Nəcəfov saxlanılıb.