CƏMİYYƏT


Bakı Metropolitenində bayram konserti təşkil olunub

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 29-da “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri, şəhərimizin qonaqları və azyaşlı sərnişinlərə unudulmaz anlar yaşadan bayram şousu başlanıb.
İki gün davam edəcək bu sosial layihə çərçivəsində Yeni ilin əsas qəhrəmanları Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gəliblər. Musiqili improvizasiya fonunda sirk ustalarının canlandırdığı cizgi film personajları və nəhəng oyuncaqlar tədbirə gəlmiş uşaqlara əyləncəli anlar yaşadıblar. Sehrbazın məharəti isə azyaşlı sərnişinlərin ovqatını daha da yüksəldib.
İki saatdan artıq davam edən əyləncəli tədbirdə metropoliten əməkdaşları uşaqlara yeni il sovqatı təqdim ediblər. Günün qəhrəmanları uşaqların müşayiəti ilə stansiyanın platformasına enərək burada, daha sonra retro vaqonlardan ibarət qatarda sərnişinlərə bayram təbriklərini çatdırıblar.