CƏMİYYƏT
Su polisləri qanunsuz nərə balıqları ovlayan şəxsləri saxlayıb
Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının satışının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə keçirilən birgə nəzarət tədbirləri zamanı Sumqayıt, Siyəzən, Şabran və Xudat şəhərlərində qanunsuz ovlanmış körpə nərə cinsli balıqların satıldığı müəyyən edilib. Bakı-Siyəzən-Quba avtomagistralının kənarındakı ərazidə nəzarət-profilaktik qaydada yoxlama aparılan zaman sanitariya və gigiyena qaydalarına əməl olunmadan satılan balıqların süni yolla yaradılan kiçik gölməçələrdə üfunətli suda ölü balıqlarla birgə saxlanıldığı müəyyən edilib.
Araşdırma zamanı Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların icazələri və kvotaları olmadan tutulub satılmasını təşkil edənlərin Əbülfəz Mirzəyev, Vüqar Əsgərov, Həkim Məsimov, Ramil Ağamalıyev, Yaqub Dadaşov, Elvin Həsənov, Kamal Ədilov və Rasim Məhərrəmov olduğu müəyyən edilib. Bu şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.