CƏMİYYƏT


Zaqatala sakininin yaşadığı evdən heroin və tiryək aşkarlanıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Zeynal Barabaşov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən 90 qrama yaxın heroin və külli miqdarda tiryək aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.