RƏSMİ


Prezident İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı və cari ilin əvvəlindən indiyədək, İtaliyanın 3 nazirinin, həmçinin bu gün nazir müavininin ölkəmizə səfərinin əlaqələrimizin çox yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin böyük hissəsinin energetika sahəsi ilə bağlı olduğunu dedi, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımların Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirdiyini vurğuladı.