SİYASƏT
“Paris Science Po” Universitetinin tələbələri Azərbaycanın tarixi barədə məlumatlandırılıb
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Siyasi Elmlər Universitetinin (Science Po de Paris) Asiya Assosiasiyasının tələbələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə səfir tələbələrə Azərbaycanın zəngin tarixi, coğrafiyası, mədəni irsi, xarici siyasəti və regionda mövqeyi haqqında ətraflı məlumat verib.
Diplomat Avropa ilə Asiya arasında çox mühüm geosiyasi məkanda yerləşən Azərbaycanın daim müstəqilliyi uğrunda mübarizə aparmasından söz açıb. Ölkəmizin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu, bu respublikanın Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verdiyini qeyd edib. Bildirib ki, ötən əsrin 90-cı illərində müstəqilliyini bərpa edən Azərbaycan elə ilk gündən Ermənistanın hərbi təcavüzü ilə üzləşib.