DÜNYA


“Airbus” Çin şirkətlərindən 160 təyyarə üçün sifariş alıb

“Airbus” şirkəti Çin şirkətlərindən “A320” ailəsindən 150 və “A350” sinfindən 10 təyyarə üçün sifariş alıb.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə “Airbus” ilə “Çin aviasiya təchizat” şirkəti arasında saziş imzalanıb.
Bundan başqa, “Airbus” ilə “Tiencin azad ticarət zonası investisiya” və “Çin aviasiya sənayesi” şirkətləri arasında Tiencin şəhərindəki “A320” təyyarələrinin yekun yığım sahəsinin imkanlarını genişləndirmək üçün ikinci yığım xəttinin yaradılmasına dair razılaşma da imzalanıb. 2025-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulan ikinci yığım xətti “Airbus” şirkətinə qlobal şəbəkəsi üzrə “A320” ailəsindən ayda 75 təyyarə istehsal etməyə imkan verəcək.