RƏSMİ


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala Olimpiya İdman Kompleksinin açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, ərazisi 4 hektar olan kompleksin tikintisinə 2013-cü ildə başlanılıb və inşaat işləri mərhələli şəkildə icra edilib. Sahəsi 12 min 848 kvadratmetr olan idman kompleksinin binasında yaradılan 770 tamaşaçı yeri olan universal idman zalında basketbol, voleybol, həndbol, minifutbol, badminton üzrə məşqlərin və yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb.