SİYASƏT


Ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası müvəqqəti dayandırılır

Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiyanın iştirakçılarının bir qrupu ilə aprelin 28-də günün birinci yarısında Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını qeyd edib. Buna görə də iştirakçılara aksiyanın dayandırılması bir daha təklif olunub.