MƏDƏNİYYƏT


“Qayınana” tamaşası Özbəkistanda yeni mövsümdə səhnəyə qoyulub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kinematoqrafiyasının şah əsərlərindən olan “Qayınana” komediyası yeni mövsümdə səhnəyə qoyulub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə çıxış edən Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrın direktoru, Özbəkistan və Qazaxıstanın əməkdar artisti Azim Mullaxanov Azərbaycan əsərlərinə daim Özbəkistanda böyük maraq olduğunu, “Arşın mal alan”, “Leyli və Məcnun”, “Qayınana” əsərlərinin özbək tamaşaçılar tərəfindən çox sevildiyini qeyd edib. O, Özbəkistanın teatr səhnələrində azərbaycanlı müəlliflərin pyeslərinin, dramlarının, əsərlərinin tamaşaya qoyulmasını daim mühüm hadisə kimi qarşılandığını vurğulayıb. Azim Mullaxanov əməkdaşlıq və diqqətə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirərək, gələcəkdə bu ənənənin davam etdiriləcəyini qeyd edib.