CƏMİYYƏT


Arıçılar bal mövsümünə hazırlaşır

Bu yaz həm hava şəraitinin qeyri-sabit keçməsi, həm də bəzi xəstəliklərin geniş yayılması arıçılığa mənfi təsir edib. Son həftələr qərb bölgəsində havaların yağıntılı və soyuq keçməsi də arıçılıq təsərrüfatlarında arıların inkişafında müəyyən geriləmələrə gətirib çıxarıb.
AZƏRTAC xəbər verir ki, hazırda arıların yumurta qoyma, təbiətdən nektar, çiçək tozu toplayan, bir sözlə, qızğın işləyən dövrüdür. Demək olar ki, bütün meyvə ağacları çiçəkləyib. Arıların bu çiçəklərdən nektar toplaması üçün normal hava şəraitinin olması vacib şərtlərdəndir. Bu il yazın əvvəlləri iqlimin normal keçməsi arılarda inkişafa səbəb oldu. Lakin son həftələrdə havaların yağıntılı və soyuq keçməsi çiçəkləyən ağaclardan arıların nektar və çiçək tozu toplamasına əngəl yaratdı. Bu da öz növbəsində yuvasından çölə çıxa bilməyən arıların işini çətinə salmaqla yanaşı, bəzi xəstəliklərin yaranmasına, arıların yem ehtiyatının tükənməsinə gətirib çıxardı. Təcrübəli arıçılar bu cür vəziyyətlərə hər zaman hazırlıqlı olmaqla yanaşı, arıxanalarını belə vəziyyətlərdən çıxarmağı da bacarmalıdır.