RƏSMİ


Prezident İlham Əliyev Qubadlı şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı şəhərində tikiləcək inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına layihə barədə məlumat verildi.
Bildirildi ki, inzibati bina şəhərin giriş hissəsində, Baş plana əsasən işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Binanın konsepsiyasının hazırlanması zamanı milli memarlıq elementləri, yaşıl fasad və dam həlləri, həmçinin günəş panellərinin inteqrasiyası nəzərə alınıb. Üçmərtəbəli binada avtomobillər üçün yeraltı parklanma nəzərdə tutulub. Binanın daxili planlaşdırılması müxtəlif mərtəbələrin vizual şəkildə əlaqələnməsini təmin edir. Bu yanaşma dinamik və müasir tələblərə cavab verən işgüzar mühitin formalaşmasına şərait yaradacaq.