CƏMİYYƏT


İrandan qayıqlarla ölkəyə narkotik gətirən dəstə üzvləri saxlanılıb

Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin əsas üzvlərinin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Belə ki, Baş İdarənin əməkdaşlarının Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunmuş şəxslər - Elşad Əliyev və Zakir Nağıyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onların üzərindən və Zakir Nağıyevin idarə etdiyi avtomobildən ümumilikdə 187 kiloqram, o cümlədən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd "Metadon M40" həbi aşkar edilərək götürülüb.