DÜNYA


Dehlini su basıb: 30 minə yaxın insan təxliyə edilib

Hindistanın şimalında bir neçə gündür davam edən musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri 100-dən çox insanın həyatına son qoyub.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Himaçal-Pradeş ştatında daşqınlar 170 evi məhv edib, 600 binaya zərər vurub. Ştat ərazisində azı 88 nəfər təbii fəlakətin qurbanı olub. Şənbə günündən bəri helikopterlərin köməyi ilə ştatda 300-ə yaxın insan xilas edilib. Onların hamısı turistlərdir.
Eyni zamanda, Dehlinin Camna çayı sahilində yerləşən rayonları su altında qalıb. Hakimiyyət orqanları 30 minə yaxın insanı təhlükəsiz ərazilərə təxliyə edib. Kollec və məktəblər bağlanıb, onların bəziləri yardım düşərgələri kimi fəaliyyət göstərir. Hazırda çayda suyun səviyyəsi artmaqda davam edir.