CƏMİYYƏT


Sosial şəbəkələrdə vətəndaşları kredit adı ilə talayan kiber dəstə tutuldu

Sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə müraciətlər üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Aldatma yolu ilə vətəndaşların bu sahədə məruz qaldığı əsas neqativ hallar sırasında “kreditə pul verilir”, “onlayn qazanc”, “az xərclə çox qazan” və digər başlıqlar altında şirnikləndirici vədlər artmaqdadır. Bunu nəzərə alaraq DİN əməkdaşları tərəfindən növbəti belə talama əməllərində şübhəli bilinən şəxslər rəqəmsal texnoloji metodlarla müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilməklə şəbəkələşmiş qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Qrup üzvləri “Komissiya”, “bank xərcləri” adı ilə aldatdıqları vətəndaşlardan onlayn köçürmə formasında müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçiriblər.  Onlar izi itirmək məqsədi ilə pul köçürən şəxslərin hesablarını bloklayıblar və həmin vəsaiti şəxsi hesablara köçürərək nağdlaşdırıblar.