CƏMİYYƏT


FHN Masazırda və Lənkəranda qanunsuz tikintilərin qarşısını alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vətəndaş tərəfindən müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti aparılması faktı aşkarlanıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən müvafiq tədbirlər nəticəsində vətəndaşa məxsus qanunsuz tikili sökülüb.
Bundan başqa, Lənkəran şəhərinin Ş.Axundov küçəsində aparılan qanunsuz tikinti işləri də Agentliyin əməkdaşları tərəfindən aşkarlanaraq dayandırılıb və ərazi nəzarətə götürülüb.