CƏMİYYƏT
Füzulidə daha 25 ailəyə evlərin açarları təqdim olunub
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 25 ailə Füzuliyə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən çiçəklənən Füzuli doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 25 ailə olmaqla, 73 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük sevinclər qarşılanıblar.