CƏMİYYƏT
Kürdəmirdə sexdə baş verən yanğın qısa müddətdə söndürülüb
17.09.2023 [17:14]
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Bakı prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus dərzi sexində baş verdiyi və genişlənərək bitişik digər tikililərə, o cümlədən tikinti materiallarının satışı mağazalarına keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.