SİYASƏT


Nazir: Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil

Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının, o cümlədən 719 mülki şəxsin taleyi məlum deyil. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dinc sakinlərinin və beynəlxalq humanitar hüququn müdafiəsi altında olan digər şəxslərin qəsdən öldürülməsini sübut edən bir neçə kütləvi məzarlıq aşkar olunsa da, Ermənistan itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaqdan imtina edir. Bu məsələnin həlli təkcə qurbanların və onların ailələrinin hüquqlarına riayət olunması baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və vəziyyətin normallaşdırılması baxımından vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidən qurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında səsləndirib.