RƏSMİ


Prezident İlham Əliyev Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına tikinti işlərinin gedişi barədə məlumat verdi.
Qeyd olundu ki, ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 718 mənzil olacaq. Onların 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.