Binəqədi rayonundakı inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb
23.11.2023 [12:59]
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunun Ziya Bünyadov prospektindəki inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə bildirib ki, dərhal hadisə yerinə cədvəl əsasında qüvvə göndərilib. İlkin çatan bölmə məlumat daxil olan andan 4 dəqiqə sonra hadisə yerinə çatıb, 2-ci saylı yüksək çağırış elan edib. 10 dəqiqədən sonra yanğının müxtəlif istiqamətlərə yayılması nəzərə alınaraq 3-cü çağırış elan edilib. Səhər güclü külək səbəbindən yanğın üç istiqamətə yayılıb, sahəsi 1 500 kvadratmetr olub. Hazırkı vəziyyətə görə, yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur.