RƏSMİ


Prezident Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-ə ev sahibliyi etməsi və bu tədbirin yüksək səviyyədə təşkil olunması münasibətilə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana təbriklərini çatdırdı.