Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə vətəndaşlar qanunsuz saxlanılan silahlarını polisə könüllü təhvil verib

18.12.2023 [10:16]

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, əməliyyat yolu ilə aşkarlanan silahlardan başqa mütəmadi olaraq vətəndaşlarla profilaktiki söhbətlər aparılaraq bildirilib ki, müvafiq sənədləri olmayan odlu silahların saxlanılması məsuliyyət yaratsa da, könüllü təqdim etmə şəxsi məsuliyyətdən azad edir.
Keçirilən profilaktiki tədbirlər nəticəsində 26 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli ov silahlarını polisə könülllü təhvil veriblər.