RƏSMİ


Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

- Əziz həmvətənlər.
2023-cü il arxada qalır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.