RƏSMİ


Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

Azərbaycan Televiziyasından Rövşən Məmmədov: Cənab Prezident, hər vaxtınız xeyir olsun. Öncə müsahibəyə görə hər birimizin adından Sizə təşəkkür edirik. Suverenliyimizin tam bərpa olunmasından, xüsusən də Xankəndi Zəfərindən sonra belə bir görüş, belə bir müsahibə hər birimizin arzusu idi. Odur ki, bu arzumuzu nəzərə aldığınıza görə Sizə təşəkkür edirik.

Cənab Prezident, yeni tarixi reallığı, yeni tarixi mərhələni yaşayırıq. Ən böyük reallıq qeyd etdiyimiz kimi, Qarabağın tam azad olunması, Qarabağdan separatizmin, terrorizmin təmizlənməsi və Sizin təbirinizcə desək, tarixin zibilliyinə atılmasıdır. Əlbəttə ki, hər bir reallığın arxasında güc, prinsipiallıq, əzm, iradə və Sizin “Dəmir yumruğunuzdur”. Məhz ona görə də mən istərdim elə ilk sualımı bugünkü reallıqlardan son 20 illik fəaliyyətə nəzər salmaqla başlayaq. Bu gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanımızdan, suverenliyimizi tam bərpa etmiş Azərbaycanımızdan son 20 illik fəaliyyətə nəzər salsaq, hansı mənzərə canlanır? Biz bu 20 ildə haradan-haraya gəlmişik?