Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şimal-Qərb bölgəsində nəqliyyatın hərəkəti bərpa olundu

14.01.2024 [21:02]

Ölkə ərazisində olduğu kimi ötən gündən başlayaraq Şimal-Qərb rayonlarında da havanın temperaturu bir neçə dərəcə aşağı enib, qar yağıb.

Səhər saatlarında bölgənin bir çox yollarında qar yağması səbəbindən nəqliyyatın hərəkətində problemlər yaşanıb.
Yevlax-Zaqatala-Gürcüstan magistralı və Qaraməryəm-İsmayılı-Şəki, eləcə də Şəki-Qax avtomobil yollarında minik avtomobilləri ilə yanaşı TIR-lar da yolda qalıb.
Yollarda qalan nəqliyyat vasitələrinin sıxlığını qaydaya salmaq məqsədi ilə rayonların polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri, yol istismar idarələrinin əməkdaşları hərəkəti tənzimləmək üçün sürücülərə yardım ediblər.