CƏMİYYƏT


Zaqatalada avtomobil iki şagirdi vuraraq öldürüb

Bu gün, saat 13:00 radələrində Zaqatala şəhər sakini, əvvəllər məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 nəfər məktəblini vurub. Nəticədə, azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.