CƏMİYYƏT


Bu şəxslər atlarla müalicə olunur- REPORTAJ

Atlarla terapiya dünyada geniş yayılan müalicə üsullarından biridir. Artıq bir-neçə ildir ölkəmizdə də əlilliyi olan insanlar atlarla müalicə olunur. Onlar at üzərində vaxt keçirməklə bədən əzələlərinin aktivliyi artır və bu üsul onların əhval-ruhiyyələrinə də müsbət təsir edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində son illər tətbiq olunan yeni üsullardan biri kimi, 2022-ci ildən ippoterapiya (atlarla terapiya) xidmətlərinə də başlanıb. Agentlik və “Baku GoldenHorse Therapeutic and Educational Center” atçılıq mərkəzinin birgə təşkil etdiyi ippoterapiya 6 reabilitasiya mərkəzində müalicə alan şəxslər üçün təşkil olunur. Ötən dövrdə əlilliyi olan 1117 şəxs ippoterapiya xidmətlərinə cəlb edilib. Həftədə bir dəfə keçirilən ippoterapiyada əsas məqsəd at üzərində hərəkət etməklə, bədən əzələlərinin aktivliyini artırmaqdır. Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulu eyni zamanda əlilliyi olan şəxslərin ümumi əhval-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.