CƏMİYYƏT


Qadın minaaxtaranlar işlərinin öhdəsindən uğurla gəlirlər

Ağdam rayonunun işğaldan azad edilmiş Nəmirli kəndi ərazisinə mediatur təşkil olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, jurnalistlər minatəmizləmə əməliyyatlarına cəlb olunan qadın minaaxtaranların fəaliyyətini yaxından izləyiblər. Əvvəlcə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər şəhərindəki Peşə Təlim Mərkəzində məlumatlandırma görüşü keçirilib. BAMF-in prezidenti Umud Mirzəyev “Qadın minaaxtaranlar layihəsi” haqqında məlumat verib. Bildirib ki, layihə BAMF tərəfindən Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP), Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə həyata keçirilir. BAMF-in rəhbərlik etdiyi layihə çərçivəsində Avropa İttifaqının dəstəyi ilə yalnız qadınlardan ibarət 2 komanda, ABŞ Dövlət Departamentinin dəstəyi ilə isə bir qadın və bir kişi minaaxtaran komanda yaradılmışdır. Layihə heyəti üçün ötən il iyunun 19-da başlayan minaaxtarma kursu sentyabr ayında başa çatıb. Daha sonra onlar sahədə fəaliyyət göstərə bilmələri üçün ANAMA tərəfindən akkreditasiya olunublar. İşə başlamaq üçün hazır vəziyyətə gətirilən komandalar ötən il sentyabrın 25-də Ağdam rayonu Baş Qərvənd kəndi ərazisindəki həm döyüş, həm də mina sahəsində fəaliyyətə başlayıblar. Hazırda, ümumilikdə, 25 qadın minaaxtaran, 2 qadın paramedik, 3 kişi qrup rəhbəri, onların müavinləri və 11 kişi minaaxtaran fəaliyyət göstərməkdədir.