CƏMİYYƏT


Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bərdə şəhərində Qarabağ, Şərqi Zəngəzur və Mərkəzi Aran iqtisadi rayonlarında dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmiləri, həmçinin sözügedən iqtisadi rayonlarda fəaliyyət göstərən özəl sektor nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə liseyin infrastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olublar. Onlara mərkəzdə tələbələr üçün yaradılmış imkanlar, tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verilib. Qonaqların diqqətinə çatdırılıb ki, 1200-dən çox tələbənin təhsil aldığı müəssisədə əsasən İKT, kənd təsərrüfatı, sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Liseyin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.