CƏMİYYƏT


AQTA sədri: Azərbaycan qida təhlükəsizliyi sisteminin bütün 25 kateqoriya üzrə yüksək qiymətləndirildiyi nadir ölkələrdən biridir

BMT-nin iki qurumu - Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti üzrə proqram həyata keçirildi. Həmin qiymətləndirmə dünyada cəmi 30 ölkədə, o cümlədən Azərbaycanda başa çatdırıldı. Azərbaycan regionda belə bir qiymətləndirmənin aparıldığı ilk ölkədir. Bu, BMT-nin ekspertləri tərəfindən vahid və şəffaf şəkildə həyata keçirilən bir alətdir. Burada Azərbaycan əsasən 4 meyar, 9 alt meyar, 25 xüsusi səriştəlilik göstəricisinə əsaslanan 162 kateqoriyaya görə qiymətləndirilib. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan qida təhlükəsizliyi sisteminin bütün 25 kateqoriya üzrə yüksək qiymətləndirildiyi çox nadir ölkələrdən biridir. Burada ölkəmiz 5 kateqoriya üzrə ümumiyyətlə mükəmməl qiymətlər alıb. Digər sahələr üzrə isə gələcəkdə qida təhlükəsizliyi sahəsində hansı addımların atılmasının vacibliyinə diqqət çəkən tövsiyələr verilib.
Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.