RƏSMİ
Qəbələdə “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzi istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Qəbələ elektrik şəbəkəsi ümumilikdə 31 min 502 abonenti əhatə edir. ASC tərəfindən rayon ərazisində aparılan yenidənqurma işləri çərçivəsində Qəbələ şəhərinin, 2 qəsəbənin və 13 kəndin elektrik təsərrüfatı yenilənib. İstehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədilə 110/35/10 kV-luq 26 meqavat-amperlik (MVA) “Hacıalılı” yarımstansiyasının gücü 41 MVA-ya çatdırılmaqla müasir tələblərə uyğun yenidən tikilib.