RƏSMİ


Qəbələ Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, binanın inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Bu səhiyyə müəssisəsində terapiya, uşaq xəstəlikləri, nevrologiya, ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonrakı fizioloji şöbələr və hamiləliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək.