DÜNYA
Assanja dəstək aksiyası - Londonda Ekvador səfirliyinin önündən VİDEOREPORTAJ
11.04.2024 [22:03]
Londonda Ekvador səfirliyinin önündə “WikiLeaks” portalının təsisçisi Culian Assanja dəstək aksiyası keçirilib.
Aksiya Culian Assanjın Londonun Belmarş həbsxanasında saxlanılmasının 5 illiyi ilə əlaqədar təşkil olunub. O, beş il öncə aprelin 11-də Britaniya polisi tərəfindən Ekvador səfirliyində həbs edilib və Belmarş həbsxanasına gətirilib.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Culian Assanjın dəstəkçiləri Londondakı Ekvador səfirliyinin binası önündə, əllərində “Assanjdan əllərinizi çəkin”, “Assanja azadlıq”, “ Assanjın mühakiməsinə son verin” yazılı plakatlar tutub, şüarlar səsləndiriblər.
Aksiya iştirakçılarından David Mizraçi beş il əvvəl, Culian Assanjın həbsindən sonra onun məhkəmə işini yaxından izləməyə başladığını deyib. O bildirib ki, Culian Assanj ABŞ-a ekstradisiya edilərsə, böyük ehtimalla həyatının qalan hissəsini həbsdə keçirəcək və ədalətli mühakimə olunmayacaq. O, Culian Assanja dərhal azadlıq tələb edib.