CƏMİYYƏT


Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar

Suraxanı Rayon İdarəsinin əməkdaşlarının aprel ayı ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55 fakt aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotiklərin satışı ilə məşğul olan 16, daşınması və dövriyyəsi ilə bağlı 39 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Qanunsuz dövriyyədən 5 kiloqram müxtəlif növ narkotik vasitə və 300 psixotrop tərkibli həb çıxarılıb. Həmçinin idarə əməkdaşlarının vətəndaşların şikayətləri əsasında həyata keçirdikləri əməliyyatlar nəticəsində “Renault” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Sərdar Qəzənfərov, “Ravon” markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov və Yeni Günəşli qəsəbəsində “Land Rover” markalı maşın qaçıraraq yol nəqliyyat hadisəsi törətmiş yetkinlik yaşına çatmayan daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.