SİYASƏT


İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Azərbaycanın İtaliyadakı səfirliyinin Mədəniyyət Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə İtaliyada akkreditə olunmuş diplomatik korpus rəhbərləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, Romadakı və Vatikandakı səfirliklərimizin əməkdaşları iştirak ediblər. Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində ölkəmizin tərəqqisi və inkişafı üçün göstərdiyi misilsiz xidmətləri qeyd edib. Bildirib ki, Ulu Öndər müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu kimi hər zaman xalqımız tərəfindən dərin ehtiramla anılacaq. Müstəqilliyimizin təhlükə altında olduğu bir dövrdə Ümummilli Liderin xalqımızın rifahı və müstəqilliyimizin qorunması üçün göstərdiyi fədakarlıq, beynəlxalq əməkdaşlığın qurulması üçün nümayiş etdirdiyi güclü iradə minnətdarlıqla yaddaşlarımızda qalacaq.