CƏMİYYƏT
Otuz il əvvəl itkin düşən şəhid Sirac Nərimanov yaylım atəşinin müşayiətilə torpağa tapşırılıb
14.05.2024 [23:03]
Nərimanov Sirac Fehruz oğlu Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sirac naməlum şəhidlərimizdən biri kimi Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində dəfn olunmuşdu. Bir neçə gün əvvəl kimliyi məlum olan Sirac Nərimanovun nəşinin qalıqları öz ata-baba yurdu Füzulidə torpağa tapşırılıb. Şəhid Sirac Nərimanovun nəşi Füzulidə izdihamla qarşılanıb, ailəsinin yaşadığı və doğulub boya-başa çatdığı Füzuli rayonunun Babı kəndinə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşi kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, hərbçilər, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər. Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhid Sirac Nərimanov yaylım atəşinin müşayiətilə torpağa tapşırılıb.