SİYASƏT
Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Gənclərin təşəbbüsünə və inkişafına dəstək” İctimai Birliyinin təşkilatçılığı, Rumıniyanın aparıcı beyin mərkəzlərindən olan “ION CONEA” Geopolitika Assosiasiyasının rəsmi tərəfdaşlığı və Avropanın nüfuzlu siyasi nəşrlərindən olan “Geopolitica” jurnalının informasiya dəstəyi ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində Qərbi Azərbaycana qayıdış məsələlərinə həsr olunan “Azərbaycan Cənubi Qafqazda qlobal təhlükəsizliyin qarantıdır” mövzusunda Buxarest Forumu keçirilib. Forumda Buxarest şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, beyin mərkəzlərinin, akademik dairələrin nümayəndələri və media təmsilçiləri bir araya gəliblər.
Tədbirdə çıxış edən “Gənclərin təşəbbüsünə və inkişafına dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili forumun keçirilməsinin məqsədini açıqlayıb. Tarixi faciələrin mütəmadi şəkildə xatırlanmalı olduğuna diqqətçəkən Toğrul Allahverdili bunun həmin faciələrin yenidən təkrarlanmaması üçün dünyanın uzun illərdən bəri məruz qaldığı köç məsələsində beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini vurğulayıb.
Azərbaycan-Türk Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı isə çıxışında heç nəyi gizlətməyin mümkün olmadığını bildirərək həqiqətin gec-tez üzə çıxdığını vurğulayıb. Lakin siyasi məqsədləri həqiqət kimi təbliğ edilən yalanların da olduğunu deyən Tənzilə Rüstəmxanlı onların dünyanın böyük dövlətlərinin maraqlarına xidmət etdiyinə görə Yer üzündə yayılmaqda davam etdiyini vurğulayıb.