Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb

03.07.2024 [19:19]

Xəbərin mətni

İyulun 3-də Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi və “PwC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) Sammiti işə başlayıb. AZƏRTAC xəbər verir ki, “29 İqlim söhbəti: COP29-a aparan yol” təşəbbüsü çərçivəsində “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlıqları” mövzusunda keçirilən sammit Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) həsr olunub. Sammitin məqsədi qlobal iqlim problemlərini həll etmək üçün ESG prinsiplərinin inteqrasiyasının təşviqi, dövlət və özəl qurumlar arasında dialoq və əməkdaşlığı inkişaf etdirməkdir. Əsas mövzular arasında ESG-yə uyğunluğun təşviqi və genişləndirilməsində normativ aktların və standartların rolunu müzakirə etmək, dayanıqlı inkişafa effektiv töhfə vermiş uğurlu PPP (dövlət-özəl tərəfdaşlığı) modellərini vurğulamaq, dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlıqlarının qurulmasında qarşıya çıxan problemləri aşkarlamaq və iqlim məqsədlərinə nail olmaq üçün konkret tədbirlər həyata keçirmək yer alıb.