RƏSMİ


Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünə və bu tədbirə dəvətə görə təşəkkürünü bildirdi. Zirvə görüşünün əhəmiyyətinə toxunan Baş katib Türk Dövlətləri Təşkilatının yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısını da ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirdi. Zirvə toplantısının nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzulara həsr olunduğunu və bu məsələlər üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etdi. O, nəqliyyat və əlaqələr sahələrində çoxtərəfli əməkdaşlığın önəminə toxundu və bunun Türk dünyasının güclənməsinə əməli töhfə verəcəyinə əminliyini bildirdi. Kubanıçbek Ömüralıyev bu xüsusda Orta Dəhlizin əhəmiyyətini vurğuladı.